Texnologiya, İnnovasiya və Liderlik: Gələcəyimizi Formalaşdıran Rol Modellərimiz 3/12
Bu gün günəşli, mavi səması göz oxşayan Silikon Vadisinin Redwood şəhərində, ən sevdiyim kiçik coffee-shopun rahat bir küncündə oturmuşam. Ətrafda kofe ətrinin xoş iyi və həzin bir musiqinin yüngül sədaları eşidilir. Həyat burada, sanki texnologiya ilə təbiətin ən mükəmməl harmoniyasını əks etdirir. Bir az düşünürəm və qələmimdən çıxacaq növbəti qəhrəmanın, gələcəyimizi formalaşdıran rol modellərimiz seriyasının növbəti ilhamverici hekayəsinin qəhrəmanı haqqında fikirlərə dalıram.
Hər birimizin həyatında elə insanlar var ki, onların hekayəsi, həyatı və düşüncələri bizə yeni yollar açır, yeni üfüqlər göstərir. Bu dəfə yazacağım şəxs məhz belə bir insandır. Texnologiyanı, innovasiyanı və liderliyi özündə mükəmməl şəkildə cəmləşdirən Şəhriyar Məmmədovdan bəhs etmək istəyirəm.
Texnologiya sahəsində uğurlu olmaq üçün üç mühüm xüsusiyyətə malik olmaq lazımdır: yenilikçi düşüncə, qlobal təcrübə və cəmiyyətə fayda vermək istəyi. Şəhriyar Məmmədov bu xüsusiyyətləri özündə birləşdirən nümunəvi mühəndisdir.
2009-2010-cu illər idi... Şəhriyar hələ universitetin ikinci kurs tələbəsi idi və onda mühəndisliyə inanılmaz həvəs vardı. Gözlərindəki o böyük maraq və həvəsi görəndə mən də istər-istəməz ilhamlanırdım. O gün belə tələbələrin sayı olduqca az idi. Həmin illərdə mən özüm belə dünyanı və həyatı kifayət qədər dərindən dərk etməmişdim ki, gənclərə daha yaxşı bir mentorluq edə bilim. Buna baxmayaraq, Şəhriyarın özünə və potensialına olan inamı məni valeh etmişdi.
Bir gün ona zarafatla qarışıq ciddi şəkildə söz verdim: "Cisco CCNA sertifikatını ala bilsən, səni xəngəl qonaqlığına aparacağam..." İllər keçib, indi geriyə baxanda anlayıram ki, belə sadə, amma səmimi sözlərin, verdiyimiz dəstəklərin və kiçik təşviqlərin insanların həyatında necə böyük dəyişikliklərə səbəb olduğunu düşünmək belə qəlbimi isidir.
Şəhriyar indi Silikon vadisindədir və dünyanı dəyişdirən böyük texnologiyalara, texniki icmaların inkişafına imza atır.
Bu yazını yazarkən sanki yenidən həmin o gözəl günlərə qayıtdım... Hələ də özümü borclu hiss edirəm, Şəhriyar. Bu dəfə xəngəl məndən, qürur dolu uğur hekayələri isə səndən...
Peşəkar Təcrübə və Beynəlxalq Uğurlar
Şəhriyar Məmmədovun mühəndislik səyahəti Azərbaycanda başladı. O, Bakcell və Huawei kimi böyük telekommunikasiya şirkətlərində şəbəkə infrastrukturunun idarə olunması və mühəndislik komandalarının rəhbərliyində önəmli təcrübə topladı. Daha sonra Avropada SAP və Almaniyada yerləşən Fraunhofer IOSB-INA kimi nüfuzlu şirkətlərdə kibertəhlükəsizlik sahəsində elmi tədqiqatlarda iştirak edərək mühüm nailiyyətlər əldə etdi.
ABŞ-da NGINX, OpenGov və hazırda Gladly şirkətində fəaliyyətini davam etdirən Şəhriyar Məmmədov bulud infrastrukturu, mikroservis arxitekturaları, təhlükəsizlik və açıq mənbəli texnologiyalar sahəsində ciddi uğurlar əldə edib. O, Amazon Web Services (AWS) üzrə müxtəlif ixtisas sertifikatlarına malik olmaqla yanaşı, əldə etdiyi bilik və təcrübəni cəmiyyətin texnoloji inkişafına yönəltməyi özünə missiya hesab edir. Onun üçün texnologiya yalnız fərdi nailiyyət vasitəsi deyil – eyni zamanda, ictimai fayda yaradan bir gücdür. Bu baxışla, o, süni intellekt (AI) sahəsindəki qlobal yenilikləri yaxından izləyir və yerli mütəxəssislərin bu sahəyə inteqrasiyasını dəstəkləyir. Bundan əlavə, o, açıq mənbəli layihələrə (open source) xüsusi önəm verir və bu mədəniyyətin ölkədə inkişafını təşviq edir. Onun fikrincə, açıq mənbə yalnız texniki biliklərin paylaşılması deyil – həm də birgə öyrənmə, əməkdaşlıq və innovasiyanın sürətlənməsi üçün önəmli bir vasitədir. O, müxtəlif open source layihələrə töhfə verir, yerli inkişafçıları da bu cür təşəbbüslərə qoşulmağa ruhlandırır və bu mədəniyyəti texnoloji icmaların gündəminə gətirir.
Hackathon Ruhu ilə Formalaşan Liderlik və İcma Quruculuğu
Şəhriyar texnologiya dünyasında yalnız bir iştirakçı deyil – o, ideya yaradan, icma formalaşdıran və gəncləri bir araya gətirən enerjili bir liderdir. Onun bu yolda ilk addımları meetuplar başlayıb və son zamanlarda hackatonlarla əvəz edilib. Həftə sonlarını sadəcə kod yazmaq üçün yox, yeni fikirlərin doğulması, komanda ruhunun yaşadılması və problemlərə innovativ yanaşma tapmaq üçün istifadə edir.
Hackathonlar Şəhriyar üçün təkcə yarışlar deyil, həm də yaradıcılıq üçün təməl məktəb olub. Onun “qur, sınamağa cəsarət et, inkişaf etdir” yanaşması məhz burada formalaşıb. Bu ruh onu təkcə fərdi layihələr yaratmağa deyil, həm də ətrafında topluluqlar formalaşdırmağa sövq edib.
Şəhriyarın illər ərzində qazandığı bilik, beynəlxalq təcrübə və texnoloji liderlik bacarıqlarının məntiqi nəticəsi kimi formalaşan təşəbbüslərdən biri də Goup açıq mənbə layihəsidir. Bu platforma, sadəcə bir sosial şəbəkə və ya texnoloji topluluq deyil — bu, vizyonu olan, mühəndisləri bir araya gətirərək onların səsini dünyaya çatdırmağı hədəfləyən, yüksək dəyərli bir sosial-məhsul ekosistemidir.
Goupaz-ın əsas məqsədi, global mühəndislərin, texnoloqların və startap mütəxəssislərinin təcrübə, ideya və resurslarını paylaşa biləcəyi bir məkan yaratmaqdır. Bu platforma üzərindən mütəxəssislər öz peşəkar yolçuluqlarını bölüşür, bir-birinə mentorluq edir, yerli texnologiya mühitinə töhfələr verirlər. Burada hər paylaşım təkcə fərdi bir uğur nümunəsi deyil, həm də kollektiv irəliləyişə verilən bir töhfədir.
LPM – Large People Model Community
Şəhriyarın başqa bir mühüm təşəbbüsü isə LPM community-sidir. Bu icma, məhsul yönümlü düşüncəyə sahib gəncləri, dizaynerləri, məhsul menecerlərini və texniki mütəxəssisləri bir araya gətirir. İcma deyərdim ki Silikon vadisinin ən böyük icmalarından birdir. Məqsəd bilik paylaşımı, təcrübə mübadiləsi və yeni nəsil məhsul yönümlü liderlərin formalaşdırılmasıdır. LPM tədbirləri, workshop-ları və müzakirə sessiyaları artıq bir neçə gəncin karyerasında dönüş nöqtəsinə çevrilib. Şəhriyar üçün bu icma yalnız bir qrup insan deyil – bu, “fikir dostluğu” üzərində qurulan yeni bir ekosistemdir.
Hesab edirəm ki, texnologiya sahəsində inkişaf etmək istəyən hər bir gənc üçün müvafiq peşəkar icmalara qoşulmaq strateji əhəmiyyət daşıyır. Çünki bilik təkcə əldə edildikcə deyil, həm də paylaşılaraq dərinləşir və real dəyərə çevrilir.
Və bəlkə də bu gün həmin kiçik kofeşopda oturub bu sətirləri yazmağıma səbəb olan da elə bu ruhdur — inandığımız gənclərin bir gün dünyanı dəyişəcəyinə olan sarsılmaz inam... Çünki bizə texnologiyanın gələcəyini formalaşdıracaq ağıllı sistemlər, süni intellektlər və avtomatlaşdırma vasitələri qədər, insanlara dəyər verən, icmalar yaradan və birlikdən güc alan liderlər də lazımdır.
Şəhriyarın hekay
əsi bizə xatırladır ki, dəyişiklik üçün mütləq böyük səhnələrdə olmaq vacib deyil — bəzən bir hackathon komandasında atılan ilk addım, paylaşılan bir açıq mənbə kodu və ya gənc bir mühəndisə verilən sadə bir dəstək illər sonra minlərlə insanın həyatına toxunan ilhamverici bir hekayəyə çevrilə bilər.
Və bəlkə də bu yazını oxuyan sən — növbəti Şəhriyar olacaqsan. Uğurların başlanğıcı bəzən sadəcə bir cümlə ilə başlayır: "Mən də cəhd edəcəyəm."